2011-02-26

Batumidə Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycanın Batumi (Gürcüstan) şəhərindəki Baş Konsulluğu tərəfindən 25 fevral tarixində "Şeraton" mehmanxanasında Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Donara Surmanidze, mədəniyyət nazirinin müavini Aida Abuseridze, Batumi şəhər şurasının deputatları, Acarıstan Muxtar Respublikası Hökumətinin aparatının və nazirliklərinin məsul əməkdaşları, Türkiyənin baş konsulu Turgu Ercan Özten, İranın baş konsulu Naser Buia, Ukraynanın konsulu Aleksandr Akimov, Ş.Rustavelli adına Batumi Dövlət Universitetinin rektoru Alioşa Bakuridze, “Acariya” qəzetinin baş redaktoru Gennadi Tebidze, Acarıstanın ictimai xadimləri və ziyalıları, Acarıstandakı Azərbaycan icmasının nümayəndələri, həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə açılış nitqi söyləyən Baş Konsul Hüseyn Nəcəfov Xocalı soyqırımının ağır nəticələri və ermənilər tərəfindən tarix boyu törədilmiş vəhşiliklər barədə məlumat verib və Xocalıda törədilmiş soyqırıma bu günədək dünya ictimaiyyəti tərəfindən lazımı qiymətin verilmədiyini qeyd edib. Baş konsul Xocalı soyqırımının yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət aldığını, bu xüsusda Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini xüsusilə vurğulayıb.

Baş Konsul H.Nəcəfov tədbir iştirakçılarını Xocalı soyqırımı nəticəsində şəhid olanları bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Daha sonra Azərbaycan icmasının rəhbəri Vidadi Axundov çıxış edərək Xocalı soyqırımını törədənləri qınayıb.

Mərasim zamanı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyada Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış internet saytın təqdimatı keçirilib. Batumi Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor Rostom Quntaişvili saytın fəaliyyəti və məqsədləri barədə məlumatı iştirakçıların diqqətinə çatdırmış və tədbir iştirakçılarını petisiyaya səs verilməsinə dəvət edib.

Tədbirdə “Xocalıya ədalət” musiqi klipi, “Lider” TV tərəfindən hazırlanmış “Vətən həsrəti, tükənməyən ümidlər ” və AR Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Dua” sənədli filmləri nümayış etdirilmişdir.

Xocalı soyqırımı ilə əlaqədar hazırlanmış mətbuat relizi, “Xocalıya ədalət” musiqi klipinin CD-ri və digər əyani vəsaitlər iştirakçılara təqdim olunub.

Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən foto sərgiyə baxış keçirilib.

 

Arxiv üzrə axtarış