2011-10-18

Batumidə Müstəqillik Günü ilə bağlı "Azərbaycan Günü" mərasimi keçirilib

Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə Şota Rustaveli adına Batumi Dövlət Universitetində "Azərbaycan Günü" adlı təntənəli mərasim keçirilib.

Tədbirdə Batumi şəhərinin meri Robert Çxaidze, Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman naziri Gia Abuladze, Batumi Dövlət Universitetinin rektoru Alyoşa Bakuridze, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri xanımları ilə, Acarıstan Muxtar Respublikası höküməti aparatının və müxtəlif nazirliklərin məsul əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələri, eləcə də yerli ziyalılar, Azərbaycan icmasının nümayəndələri və jurnalistlər iştirak ediblər.

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Hüseyn Nəcəfov "Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi" mövzusunda məruzə ilə çıxış edib. Baş konsul öz çıxışında müstəqilliyinin ilk illərində respublikamızın üzləşdiyi çətinliklərdən, uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və torpaqlarımızın işğalının acı nəticələrindən danışıb.

Nəcəfov, müstəqillik illərində Azərbaycanın əldə etdiyi uğurlardan, xalqımızın ümummilli lideri və dünya miqyaslı siyasətçi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyin formalaşmasında və möhkəmlənməsində göstərdiyi ölçüyəgəlməz xidmətlərindən ətraflı söz açıb. Baş konsul bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatlar nəticəsində bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf etməkdə olan ölkələrindən birinə çevrilib.

Yubiley tədbirində, həmçinin baş konsulun xanımı, şərqşünas Aysel Nəcəfova "Azərbaycan - Odlar yurdu" mövzusunda məruzə lə çıxış edib. Nəcəfova öz çıxışında qonaqların diqqətinə Azərbaycan Respublikasının müstəqillik dövründə qazandığı böyük uğurları, Azərbaycan xalqının zəngin, çoxəsrlik tarixi və mədəni irsi barədə geniş məlumat verib. O, Azərbaycanın mədəni-tarixi irsinin qorunub saxlanmasında və bərpasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın göstərdiyi xüsusi xidmətləri barədə ətraflı məlumat verib.

Təntənəli tədbirdə Batumi şəhərin meri Robert Çxaidze, təhsil, mədəniyyət və idman naziri Giya Abuladze və Batumi Dövlət Universitetinin rektoru Alyoşa Bakuridze çıxış ediblər.

Yubiley tədbirində Azərbaycanın Mədəniyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan motivləri" sənədli filmi, "Bakı - gözəl şəhərdir" videoçarxı, eləcə də "Azərbaycan - Odlar yurdu" mövzusunda fotoslaydlar nümayiş olunub.

Mərasimin sonunda baş konsul tərəfindən Batumi Dövlət Universitetinin "Heydər Əliyev Kitab Fondu"nu zənginləşdirmək məqsədilə azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə aid, eləcə də Azərbaycanın qədim tarixinə və respublikamızın turizm potensialına dair dəyərli kitablar, disklər və kitabçalar təqdim olunub.

Arxiv üzrə axtarış