2016-04-07

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Şota Rustavelli Batumi Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandı

06 aprel 2016-ci il tarixində, Batumi şəhərində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Şota Rustavelli Batumi Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə açan Baş konsul Rəşad İsmayılov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısının elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan Baş konsul, bu sahələrdə qazanılan uğurlardan danışdı.

Sonra, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru, professor - Nərgiz Abdullayeva Universitetin  fəaliyyətindən danışaraq bu tədris ocağının dövlət idarəçiliyi sahəsində bir  təhsil müəssisəsi kimi daxili qarşılıqlı inteqrasiyanın önəmini qeyd etmişdir. Professor Nərgiz Abdullayeva, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Batumi Dövlət Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Şota Rustavelli Batumi Dövlət Universitetinin rektoru, professor Merabi Xalvaşi bu iki təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış və bu əməkdaşlığın səmərəli olacağına əminliyini bildirmişdir.

Sonra memorandum imzalanmışdır. Sənədi Az MİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva  və Batumi Dövlət Universitetinin rektoru professor Merabi Xalvaşi imzalamışlar. Memorandumda birgə fəaliyyət, elmi-texniki araşdırmaların aparılması, təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

 

Arxiv üzrə axtarış