2016-08-29

Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan Parlamentinin Sədri David Usupaşvili ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Parlamentinin Sədri David Usupaşvili ilə görüşüb.

Görüşdə bildirilib ki, ölkələrimiz arasında inkişaf edən dostluq və tərəfdaşlıq əlaqələrinin vacib komponentlərindən biri də parlamentlərarası əməkdaşlıqdır və iki ölkə parlamenti arasında qurulmuş sıx əlaqələr dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verir.

David Usupaşvili Azərbaycan Milli Məclisi ilə qurulan əməkdaşlıqdan məmnun olduqlarını bildirib və bunu dostluq əlaqələri kimi ifadə edib. Parlamentin Sədri iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlığa parlament səviyyəsində töhfə verməyə çalışdıqlarını deyib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında həyata keçirilən layihələr qlobal xarakter daşıyır və bu layihələr iki ölkə arasında mövcud əməkdaşlığın göstəricisidir.

Gürcüstana səfəri və bu ölkənin xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verən Elmar Məmmədyarov, aparılmış müzakirələri faydalı və səmərəli adlandırıb. Nazir xüsusi vurğulayıb ki, Azərbaycanla Gürcüstan beynəlxalq səviyyədə ortaq mövqedən çıxış edir və bir-birilərini qarşılıqlı şəkildə dəstəkləyir.

Arxiv üzrə axtarış