2018-05-17

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Batumi şəhərində təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Batumi şəhərində təntənəli mərasim keçirilib.

         Azərbaycanın Respublikasının Batumi şəhərindəki baş konsulluğunun təşkil etdiyi tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze, nazirlər, deputatlar, hökumət aparatının məsul əməkdaşları, Türkiyə və İran baş konsulları və konsulluğun əməkdaşları, Batumidəki Dövlət Universitetlərinin professor və müəllim kollektivi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, Kulevi terminalının əməkdaşları, Azərbaycan icmasının üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və qısa vaxt ərzində qazandığı uğurlar barədə geniş məlumat vermişdir.

Baş konsul ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti, dövlət müstəqilliyimizin qorunması və inkişafı Heydər Əliyevin adı ilə bağlı olduğunu, müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın çətin böhrandan çıxmasında, gənc respublikanın möhkəmlənməsində və dünyada tanınmasına ümummilli liderin müstəsna xidmətləri barədə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Baş konsul P.İsmayılzadə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin və dövlətçilik irsinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ümummilli liderin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycanın və Gürcüstanın regionda aparıcı dövlətlər olmasında, iqtisadi inkişafında, dünyada mövqelərinin möhkəmlənməsində mühüm rol oynadığını bildirmişdir       

Tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Zurab Pataradze çıxış edərək Azərbaycan xalqını hər iki əlamətdar hadisə münasibətilə təbrik etmiş. Azərbaycan ilə Gürcüstan xalqlarının dostluğunu, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafında və ölkələrimizin münasibətinin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunun olduğunu qeyd etmişdir.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunmuşdur.

Tədbirin sonunda Azərbaycandan dəvət olunmuş muğam ustası, rəqs qrupu ilə bərabər, Gürcüstanın incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış etmişdir.

 

Arxiv üzrə axtarış