2019-01-22

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu Ş.Rustaveli adına Batumi Dövlət Universitetində 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Günü keçirmişdir.

Tədbirdə Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin Rektoru, müəllim və tələbə heyəti iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları 1990-cı ilin Qanlı Yanvar   Şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

 

Qanlı yanvar hadisələrinin 29-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Pərviz İsmayılzadə çıxış etmişdir. O, çıxışında Sovet Ordusunun 1990-cı ilin yanvarında Bakı şəhərində törətdiyi qanlı hadisələrdən, paytaxtın dinc sakinlərinə qarşı görünməmiş qəddarlıqla həyata keçirilən, çoxsaylı qurbanlarla nəticələnən cəza aksiyasından danışmışdır. Baş Konsul çıxışında o günlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək SSRİ rəhbərliyini Bakıda qan tökdüyünə görə rəsmən ittiham etməsini xüsusi  olaraq vurğulamışdır.

 P.İsmayılzadə  hazırda Bakının ən uca nöqtəsində Şəhidlər Xiyabanının salındığını  və bu Xiyabanda 20 Yanvar faciəsinin qurbanları dəfn olunduğunu qeyd etmişdir.  Buna görə də bu gün rəsmi ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşının qürur duyduğu müqəddəs bir məkandır. Hər il yanvarın 20-si yüz minlərlə soydaşımız canlarını doğma Vətənin azadlığı və müstəqilliyi yolunda qurban vermiş mərd oğul və qızlarımızın uyuduğu bu məkanı ziyarət edir, şəhidlərin xatirəsini dərin hörmətlə yad edirlər.

Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin Rektoru cənab Merab Halvaş çıxışında 20 Yanvar və 9 Aprel hadisələrinin eyni ssenari üzrə davam etidiyini, Azərbaycan və gürcü xalqlarının tarixin bu acı sınağından qalib çıxdıqlarını qeyd edib. Bu faciənin qan yaddaşımızdan heç vaxt silinməyəcəyini vurğulayıb.

Hüquq üzrə eksperti Professor Rostom Quntaişvili öz çıxışında 20 Yanvar hadisələrinin səbəbləri və nəticələrindən  bu qanlı faciənin Azərbaycanın yeni tarixinin ən acı səhifələrindən biri olduğunu, yüzlərlə vətəndaşımızın qətlə yetirildiyini və yaralandığını, həmçinin ölkədə böyük dağıntıların törədildiyini diqqətə çatdırıb.

Çıxışlardan sonra 20 Yanvar hadisələri haqqında sənədli film nümayiş etdirilib. Bakı şəhərində faciəli 20 yanvar hadisələrini özündə əks etdirən fotosərgi də qonaqların diqqətinə çatdırılmışdır.

Tədbir çərçivəsində çay süfrəsi təşkil olunmuş və Azərbaycan şirniyyatları nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış