2020-10-23

Cari ilin oktyabr ayının 22-də Baş konsulluğun inzibati binası önündə Ermənistan silahlı qüvvələrinin oktyabr ayının 11 və 17 tarixlərində gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin və uşaqların xatirəsinə həsr edilmiş stend təşkil olunmuşdur.

Tədbirdə Türkiyə Respublikasının Baş konsulu və konsulluğunun əməkdaşları, İran İslam Respublikasının Baş konsulu, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, Poti limanı Kulevi terminalının əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin və “Əli və Nino adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, Batumidə yaşayan vətəndaşlarımız və soydaşlarımız və yerli sakinlər iştirak etmişlər.

Tədbir iştirakçılarına 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncənin raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin və uşaqların faciəsinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olduğu bildirmiş, 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam etdikləri barədə məlumat verilmişdir.

Tədbir iştirakçıları Gəncədə erməni terroru qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Gün ərzində Batumi şəhərində yaşayan vətəndaşlarımız, eləcə də yerli sakinlər Konsulluğun binası qarşısına gələrək, guşənin önünə gül dəstələri düzmüş, ölənlərin xatirəsinə dərin ehtiramlarını bildirərək, xalqımızla həmrəylik nümayiş etdirmişlər.

 

 

 

 

Arxiv üzrə axtarış