2022-02-26

Batumidə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

Anım tədbiri Baş Konsulluğu təşkilatçılığı ilə  “Şeraton” mehmanxanasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

Tədbirdə Türkiyə və İranın baş konsulları, SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri, Kulevi QDT-ın nümayəndələri, Batumi Dövlət Universitetinin  professor-müəllim heyəti və tələbələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin və “Əli və Nino” adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri,  Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız və KİV nümayəndələri iştirak etmişlər.

Baş Konsulluq tərəfindən təşkil olunan tədbirdə iştirakçılar əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımını özündə əks etdirən fotosərgi və Baş Konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar günü” məktəbinin şagirdlərinin Xocalı faciəsini təsvir edən rəsm əsərləri və 44 günlük Vətən müharibəsində artilleriya atəşi zamanı qətlə yetirilən Gəncə və Tərtərin dinc sakinlərinin stentlərdə həkk olunmuş şəkilləri ilə tanış olmuşlar.

Tədbir iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən Baş konsul Pərviz İsmayılzadə qeyd etmişdir ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı ən ağır törədilmiş cinayətlərdən biridir.

Baş konsul Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Ermənistan silahlı qüvvələri 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə qətlə yetirmiş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış,  8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirmiş,150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. 

            Xocalı sakinlərindən bəziləri diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və yazarları dəhşətə gətirmişdir.

Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.

25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən Fərman imzalanmışdır. Hər il 26 fevralda ölkə başçısı cənab İlham Əliyev "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.

P.İsmayılzadə çıxışında bildirmişdir ki, dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir.

Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması 44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirilmişdir. Döyüş əməliyyatların getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini müasir növ zirehli silahlar, raket qurğuları və kaset sursatlarından istifadə edərək növbəti dəfə qanunsuz olaraq dinc azərbaycanlı  əhalini hədəfə alaraq qətlə yetirilmişdir.

Baş konsul qeyd etmişdir ki, Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək

Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra almışdır və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanmışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sı Xocalı Soyqırımı Günü elan etmişdir.

Bu gün Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı soyqırımı, Xocalı faciəsinin tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirir.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Batumidəki baş konsulu bildirmişdir ki, dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımı hələ də yaddaşlardadır, qardaş Azərbaycanın ağrısını qəlbimizin dərinliklərində hiss edir və acılarını paylaşırıq. Xocalı soyqırımı zamanı həlak olan azərbaycanlı qardaşlara Allahdan rəhmət diləyir, Azərbaycan xalqının dərdinə şərik olub, həlak olanların xatirəsini ehtiramla yad edirik.

Fürsətdən istifadə edərək, Azərbaycanın işğal olunmuş ərazilərini azad edən, 1 milyona yaxın məcburi köçkün azərbaycanlının Azərbaycana qayıtmasına yol açan vətənimizin qəhrəmanlarının xatirəsini bir daha ehtiramla anırıq.

            2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında imzalanmış Bəyannamənin maddələrinin həyata keçirilməsinin, həmçinin Türkiyə ilə Ermənistan arasında danışıqların tam normallaşma yolu ilə başa çatdırılmasının vacibliyini, regionumuzda və dünyada sülhün və birliyin daha da artmasına ümid etdiyini vurğulamışdır

            Hüquq üzrə ekspert, professor Rostom Quntaişvili öz çıxışında baş vermiş faciəyə hüquqi qiymət vermiş və Azərbaycan xalqına qarşı edilmiş soyqırım kimi xarakterizə etmişdir.

Bu soyqırım tək Azərbaycan xalqının deyil bizim, qardaş ölkələrin ürəyində dərin iz qoymuşdur. Ümumimilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi və siyasi qiymət verildi. Mən iştirak etdiyim verilişin mövzusu Xocalı ilə bağlı olanda böyük qürurla  dilə gətirirəm və gətirəcəm ki, Qarabağ Azərbaycandır! R.Guntaşivili iştirak edən qonaqları qardaş xalqa dünyada Xocalı soyqırımının tanınmasına dəstək verməyə çağırmışdır.

Çıxışlardan sonra iştirakçılar “Xocalıya ədalət” kompaniyası çərçivəsində “Dərdimi çəkirəm” sənədli filmi izləmişlər.

Baş konsulluq tərəfindən təşkil olunan tədbirdə iştirakçılara broşürlar, buklet və Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunmuşdur.

Arxiv üzrə axtarış