2021-05-08

Batumidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar güləkmə aksiya keçirilib

Baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar güləkmə aksiyası keçirilib. Batumi şəhərinin Bakı küçəsində yerləşən mərkəzi parkların birində 98 ədəd qızıl gül əkilib.

Aksiyada Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze, Türkiyənin və İranın Batumi şəhərindəki baş konsulları Rza Kağan Yılmaz və Əhməd Badpa, SOCAR-ın Acarıstan üzrə nümayəndəliyinin əməkdaşları, ictimai fəallar iştirak ediblər.

Baş konsul Pərviz İsmayılzadə aksiyada çıxış edərək bildirib ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 10 may tarixini müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü günü kimi qeyd edir.

Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi Azərbaycanın qarşısında duran bir çox taleyüklü suallara aydın cavablar tapılması və onların ardıcıllıqla həll edilməsi baxımından tarixi hadisə oldu. Azərbaycan iqtisadiyyatının inkişafı məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən çoxsaylı sənaye müəssisələrinin, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması iqtisadi infrastrukturu köklü surətdə dəyişdi, Azərbaycanı aqrar respublikadan daha çox sənayeyönümlü ölkəyə çevrilməsinə zəmin yaratdı. 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət dəyişməyə başladı. Müstəqil dövlət quruculuğu, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın bərpa olunması, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyası Heydər Əliyevin milli inkişaf strategiyasının başlıca konturlarını təşkil etdi. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı və Ümummilli Liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər ölkəmizin tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.

Diplomat qeyd edib ki, 2003-cü ildən Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu mərhələdə enerji resurslarının ixracından əldə olunan gəlirlərin böyük qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdirilməsi və müasirləşdirilməsinə yönəldildi. Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət proqramları, reallaşdırılmış xüsusi layihələr güclü iqtisadi potensialın formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi, ölkədə bütün sahələr üzrə müasir infrastrukturların yaradılması əhalinin rifahının yüksəldilməsini təmin etdi. Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasəti Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəklənir. 2003-cü ildən sonrakı dövrdə keçirilmiş bütün seçkilərin nəticələri bu dəstəyin bariz nümunəsidir.

Baş konsul son illərin ölkəmiz üçün həlledici olduğunu, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin və ərazi bütövlüyümüzün bərpasının əhəmiyyətini vurğulayıb.

O, eyni zamanda, Ulu Öndərin Gürcüstan xalqı qarşısındakı xidmətlərindən danışıb, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin qonşu Gürcüstanda, eləcə də Acarıstanda ehtiramla anıldığını qeyd edib.

Arxiv üzrə axtarış